Wednesday, 19 April 2017

Taksi fəaliyyətinin tənzimlənməsi

Dünən Bakı Nəqliyyat Agentliyi  taksi xidməti ilə bağlı vahid tarif tətbiq etmək istəyini bildirdi. Görünən kimi bütün taksilərdə eyni qiymət tətbiq edilməsinə dair iş gedir. Bu məsələyə mən də münasibət bildirmək istərdim, bəlkə də faydalı oldu.

Cari vəziyyət necədir?

Bakı şəhərində taksi fəaliyyətinin bir növ sosial funksiyası var, çünki bir çox adam bu fəaliyyətlə işsizlikdən məşğul olmağa məcburdur. Digər tərəfdən Bakı şəhərində ictimai nəqliyyatın xidmət səviyyəsi olduqca pis olması taksi xidmətinə tələbi stimullaşdırır. Nəticədə taksilər şəhərin hər yerini zəbt ediblər və şəhərin nəqliyyat sisteminə əhəmiyyətli problem yaradıblar. Son 15-20 ildə taksi fəaliyyətinin  tənzimlənməsi bir neçə dəfə gündəmə gəlirdi və müxtəlif üsullarla həll edilməyə cəhd edilirdi. Məsələn 5 il bundan əvvəl Nəqliyyat Nazirliyi tərəfindən Bakıya London taksiləri gətirildi  və o zaman bu tip sayğacla təchiz edilmiş bu taksilər problemin mümkün həlli kimi görünürdü. Lakin bu elə olmadı və şəhərdə taksilərin sayı gündən günə artmağa davam edirdi.
Bakı Nəqliyyat Agentliyi yaranandan sonra taksilərin dəqiq sayını müəyyən etməyə və onların hamısına fərqlənmə nişanı verməyə çalışdı. İctimaiyyətə açıq məlumata görə taksilərin ancaq yarısından bir qədər çoxu fərqlənmə nişanı almışdır digərləri isə qanunsuz hələ də fəaliyyət göstərir.   
Son zamanlarda isə taksi fəaliyyətində köklü biznes model inqilabı baş verib, özüdə bu sadəcə bizdə deyil bütün dünyada vüsət alıb. Söhbət müxtəlif taksi sifariş xidmətlərindən gedir. Bakı şəhərində bu biznes növü sürətlə inkişaf edir və rəqabət o dərəcəyə çatıb ki, qiymətlər get gedə düşməkdədir. Hazırda “ənənəvi” yol qırağında müştəri gözləyən taksilərdə olan qiymətlər taksi sifarişi xidmətlərində olan qiymətlərdən əhəmiyyətli dərəcədə bahadır və görünür ki bu “ənənəvi xalturşik” taksilərin ömrünə çox qalmayıb.

Bakı şəhərində taksi xidməti ilə əlaqədar əsas problemlər: 

       Çox sayda taksilər icazəsiz (fərqlənmə nişansız) fəaliyyət göstərir;
    Taksi fəaliyyətinə yararlı avtomobillərin dəqiq meyarları və göstəriciləri faktiki olaraq müəyyənləşməyib;
   Taksi fəaliyyəti ilə məşğul olan maşınlarda sayğac və zəruri olan nişanlar  bir çox hallarda yoxdur;
  Taksi dayanacaqları şəhərin bir neçə yerində olsa da, taksilər əhalinin sıx olan yerlərində (məsələn metro stansiyaların yanında, iri avtobus dayanacaqlarında) özbaşına və xaotik şəkildə dayanırlar və küçələrdə sıxlıq yaradırlar;
      Bakı şəhərində çox az sayda taksi dayanacağı mövcuddur;
     Dövlət Yol Polisi taksi sürücülərinin törətdiyi kobud qayda pozuntuların göz yumur və onları bir çox halda cəzalandırmır.

Bəs nə etməli?

Yenə də inkişaf etmiş ölkələrin təcrübəsinə müraciət edək. Birinci növbədə taksi dayanacaqların yerləşməsinə və sayına sərnişin axınını və sıxlığını nəzərə alaraq yenidən baxılmalıdır və bu sahədə nəzarət gücləndirilməlidir. O cümlədən DYP-ya bu məsələ ilə məşğul olmaq üçün xüsusi tapşırıq verilməlidir. Taksi maşınlarının qeydiyyatı, icazələrin verilməsi və müştəri xidmətlərinin həyata keçirilməsi üçün xüsusi mərkəz fəaliyyətə başlamalıdır. Taksi fəaliyyətinin tənzimlənməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən sadə və anlaşıqlı qayda və standartlar toplusu işlənilməlidir.

Taksi fəaliyyətinə dair icazələri, yani fərqlənmə nişanlarını iki növə bölmək lazımdır:

1.    Adi taksi
2.    Ancaq sifarişli taksi

Adi taksi icazəsi

·     Adi taksi icazəsi olan maşınlar şəhərin xüsusi taksi dayanacaqlarında durmaq üçün hüququ var;
·      Küçədən sərnişin götürməyə haqqı vaq;
·   Bu növ taksilər müəyyən edilmiş xüsusi tələblər və meyarlara (məsələn: maşının sinifi, istehsal ili, rəngi və sair) uyğun olmalıdır;
·      Adi taksi icazəsi olan maşınlarda sayğaclarla təchiz edilməlidir;
·      Bu növ taksilərdə vahid qiymət/tarif tətbiq edilə bilər, lakin burada çox diqqətli olmaq lazımdır və bu tariflərin çevikliyini təmin edərək  taksi fəaliyyətinin bütün xərclərini nəzərə almaq lazımdır.

“Ancaq sifarişli” taksi icazəsi

· “Ancaq sifarişli” taksi küçədən sərnişin götürməyə haqqı yoxdur, onlar ancaq əvvəlcədən sifariş olunduğu halda sərnişin götürə bilərlər;
·   Bu növ taksilər üçün müəyyən edilmiş xüsusi tələblər “adi” taksidən fərqli olaraq daha asan  ola bilər. Məsələn daha kiçik maşınlar “Ancaq sifarişli”  taksi işləyə bilər;
·      Sayğac mütləq deyil;
·     “Ancaq sifarişli” taksi avtomobilləri xüsusi taksi dayanacaqlarında dura bilməzlər;
·     Tariflər bazar rəqabəti əsasında müəyyən olunur

1 comment: