Bakı Şəhəri üçün Dəmir Yolu
Bakı şəhəri artıq onun inzibati ərazisi ilə məhdudlaşmır,
bu meqapolis demək olar ki, bütün Abşeron yarımadasını əhatə etdir. Belə ki,
Sumqayıt və Xırdalan şəhəri, Abşeron yarımadasında olan digər qəsəbələr Bakı şəhəri
ilə vahid aqlomerasiya təşkil edirlər.
Bakı şəhərinin aqlomerasiyası |
Digər tərəfdən iqtisadi və mədəni fəallığın əsasən
Bakı şəhərinin mərkəzi nüvəsində cəmləşməsi, Bakı şəhərinin mərkəzi hissəsinə
böyük gündəlik miqrasiyanı vacib edir. Əgər şəhər inkişaf etmək və iqtisadi
inkişafı təmin etmək istəyirsə o əhalinin mobilliyini təmin etməlidir, əks
halda bu şəhər deqradasiyaya uğrayacaq.
Bakının mərkəzi nüvəsi |
Bu şəhərətrafı mobillik müxtəlif yollarla təmin
edilə bilər: şəxsi avtomobil, avtobuslar və dəmir yolları. Əgər avtomobil mobilliyi
əsas nəqliyyat növü seçilsə bu daha da böyük problemlərə gətirib çıxaracaq,
çünki fərdi nəqliyyat vasitələri böyük şəhərlərdə məhdud olan sahə (yollar, nəqliyyat
qovşaqları, parkinqlər və s.) və eyni
zamanda inanılmaz dərəcədə çoxlu maddi resurs tələb edir. Bu paradiqma Bakı şəhərində
demək olar ki, mümkün deyil. Ətraflı şəkildə bu haqda burada məlumat almaq
olar. Avtobuslar bu tip kütləvi miqrasiyalarda o qədər
də effektiv deyil. Düzdür avtobusları da aşağı intervallı ekspress xətlər kimi işlətmək
olar, lakin onlar daha çox köməkçi rolu rolunu oynamalıdır.
Dünya təcrübəsi göstərir ki, bu tip kütləvi sərnişindaşımalarda
ən səmərəli nəqliyyat növü dəmir yoludur, bundan əlavə şəhərətrafı dəmir yolu sərnişindaşımalarına
metro xüsusiyyətləri vermək vacibdir, bu daşımaların qısa intervalları olmalıdır
və digər ictimai nəqliyyat növləri ilə inteqrasiya edilməlidir. Bu tip
daşımalar qərbi Avropada xüsusən yayılıb, məsələn Parisdə RER sistemi və ya
Almaniyada S-bahn sistemləri.
S-bahn, Münxen |
Bakı şəhərini ətraf qəsəbələr ilə birləşdirən ilk
elektrik qatarı 1926-cı ildə işə salınıb, beləliklə bu Bakı-Sabunçu qatarı SSRİ
məkanında ilk şəhərətrafı elektrikləşmiş dəmir yolu oldu.
Sovet hakimiyyəti dövründə Abşeron yarımadasında
elektrik qatarı sistemi inkişaf etməyə davam etdi, lakin Azərbaycan müstəqillik
əldə etdiyindən sonra məlum iqtisadi çətinlərə görə bu sistem lazimi dəstək
almadı və tədricən deqradasiyaya uğradı və hərəkət demək olar ki, dayandı. Sonradan
ölkədə sürətli iqtisadi inkişaf baş verəndə bu nəqliyyat növü yenə diqqətdən kənarda
qaldı, dəmir yolunun əhəmiyyətli hissəsi (Buzovna, Şüvəlan, Maştağa və sair)
avtomobil yollarının tikintisi üçün söküldü. Şəhər artan avtomobil sahibliyini
yol infrastruktura olan tələbini yerinə yetirməyə çalışırdı, belə bir düşüncə
var idi ki, dəmir yolu köhnə və qeyri-aktual nəqliyyatdır və gələcəyi yoxdur.
Xoşbəxtlikdən bu tendensiya 2015-ci ildə qırıldı,
Baki və Sumqayıt arasında qatar hərəkəti bərpa edildi, yeni müasir qatarlar
alındı, yol təmir edildi.
Hazırda Abşeron şəbəkəsində qalan dəmir yolu şəbəkəsi
belədir:
Göründüyü kimi Abşeronda dəmir yolu şəbəkəsində
böyük dairə var. Hal-hazırda bu dairədə ancaq qırmızı xətt ilə (Bakı vağzalı-Keşlə-Xırdalan-Güzdək-Sumqayıt)
hərəkət mövcuddur. Bir müddət əvvəl Azərbaycan Dəmir Yolu şirkəti sarı xətt
(Bakı vağzalı- Koroğlu-Bakıxanov-Sabunçu-Zabrat-Pirşağı-Sumqayıt) üzrə hərəkətin
bərpa olunacağını açıqları. Bir müddət bərpa işləri aparılsa da, son zamanlar
heç bir yenilik xəbərləri yoxdur.
Hərəkət olmayan yollarda (Sabunçu, Zabrat) indiki vəziyyət
təxminən belədir.
Dairədə yerləşən yaşayış məntəqələrindən əlavə dəmir
yolu şəbəkəsi Abşeron yarımadasında yerləşən bir neçə (Binə, Zirə, Qala,
Suraxanı, Hövsan, Lökbatan və s.) qəsəbəni Bakının mərkəzi hissəsi ilə birləşdirmək
olar. Bundan əlavə Binə qəsəbəsindən keçən dəmir yolu xəttini bir qədər uzdaraq
Heydər Əliyev adına Hava Limanına qatar xidməti yaratmaq olar.
Nümunə üçün Lökbatan və Hövsan qəsəbələrini götürək.
Hamıya məlumdur ki, bu qəsəbələrdən Bakı şəhərinin mərkəzi hissələrinə gəliş
gediş nə qədər problem yaradır. Avtobus sərnişindaşıma xidmətlərinin keyfiyyəti
aşağıdır. Bundan əlavə bu qəsəbələrə aparan avtomobil yolları demək olar ki,
alternativsizdir. Günün pik saatlarında yaranan tıxalar isə küllü miqdarda vaxt
itkisinə gətirib çıxarır.
Buna baxmayaraq indiyə kimi qalmış dəmir yolu
infrastrukturu vaxtımıza qədər qala bilmişdir, hətta stansiyaların yeri də
saxlanılıb. Lökbatan və Hövsanda nisbi asanlıqla şəhər mərkəzinə və şəhərin digər
yerlərinə qatar xidməti təşkil etmək olar. Bu həm qəsəbə sakinləri üçün çox
rahat və vaxt baxımından əlverişli ola bilər, həm də şəhərə səhər və axşam
daxil olan və çıxan avtomobil sayını əhəmiyyətli dərəcədə azaldar.
Dəmir yolu nəqliyyatının keyfiyyətli xidmət göstərməsi
üçün aşağıdaki tədbirlər çox vacibdir:
- Abşeron
yarımadasının bütün dəmir yolu şəbəkəsində sərnişindaşıma bərpa edilməlidir.
Yollar və stansiyalar yenidən qurulmalıdır;
- Sərnişindaşıma xidməti
klassik elektrik qatarını deyil daha çox yerüstü metro kimi olmalıdır. Təbii
ki, intervallar metropolitendən daha uzun olacaq, amma indiki Bakı-Sumqayıt
qatarında olduğu kimi gündə 11 cüt reys olmamalıdır. Misal üçün intervallar pik
saatlarında 10 dəqiqə, qeyri-pik saatlarda isə 25-30 dəqiqə ola bilər. Belə cədvəllər
Bakının onun ətrafında olan qəsəbələrlə etibarlı və rahat əlaqə yarada biləcək;
- Tələbdən asılı
olaraq qatarların özü daha yüksək tutumlu olmalıdırlar. Hal hazırda pik
saatlarında Bakı-Sumqayıt qatarında daha yüksək sərnişin tutumu olan ikiqruplu (yəni iki dörd vaqonlu qatarın birləşməsi)
qatara ehtiyac var;
- Hərəkətin
planlaşdırılması və strateji qərarlar ancaq Dövlət Dəmir Yolu şirkəti (ADY) tərəfindən
aparılmamalıdır. Bu məsələlərə Bakı şəhərinin ümumi nəqliyyat sistemi çərçivəsində
inteqrasiyalı şəkildə baxılmalır. Təbii ki, sistemin operatoru ADY olmalıdır,
lakin bu sistemin strateji idarə edilməsi, maliyyələşdirilməsi, lazım olsa
subsidiyalaşması vahid mərkəzdən həyata keçirilməlidir. Dövlət sanki bu sərnişindaşıma xidmətini ADY-dan
sifariş etməlidir və xidmətlərin yerinə yetirilməsinə nəzarət etməlidir;
- Dəmir yolu sərnişindaşımaları
Bakının və aqlomerasiyanın ümumi ictimai nəqliyyat sisteminə inteqrasiya etməlidir,
vahid ödəniş sistemi tətbiq edilməlidir. Stansiyalar yerli nəqliyyat hablarına
çevrilməlidir, onlar yerli avtobus marşrutları ilə və avtomobil dayanacaqları
(Park and Ride) təmin edilməlidir. Ümumiyyətlə dəmir yolu stansiyaları qəsəbələrin
mərkəzlərini və inkişaf nöqtələrinə çevrilməlidirlər;
- Şəhərin mərkəzi hissələrində
daha çox stansiyalar yaradılmalıdır. Məsələn Bakının Dərnəgül metro
stansiyasının və nəqliyyat habının yanından dəmir yolu xətti keçir. Orada rahatlıqla
stansiya yaratmaq olar. Bu ərazi köhnə sənaye zonası olduğu üçün burada
avtomobil dayanacağı da təşkil edilə bilər.
No comments:
Post a Comment