Wednesday, 10 May 2017

Müasir təcrübəyə arxalanan nəqliyyat siyasəti: 4-cü hissə.

İctimai nəqliyyatdan istifadənin həvəslədirilməsi

Müasir nəqliyyat siyasətinin əsas məqsədləri şəhər sakinlərini şəxsi avtomobil istifadəsindən çəkindirmək və ictimai nəqliyyatdan istifadəni həvəsləndirməkdir. 
Bakı şəhərində əhalinin əksəriyyəti mobillik, yəni gediş gəliş ehtiyaclarını ictimai nəqliyyat vasitəsi ilə qarşılayır. Lakin ictimai nəqliyyatın əhaliyə təqdim etdiyi xidmət səviyyəsi o qədər aşağıdır ki, heç kim öz xoşu ilə şəxsi avtomobilindən gündəlik gediş gəlişindən imtina etməz. Əslində Bakıda avtomobil sayının artmasını ancaq əhalinin aşağı gəlir səviyyəsi saxlayır.

İctimai nəqliyyat haqqında bir necə yazım var, məsələn:
(1) Avtobus  Sərnişindaşıması
 haqqında geniş məqalə
(2) Keyfiyyətli və rahat İctimai nəqliyyatının əsasmeyarları haqqında
Bakı şəhərində ictimai nəqliyyatın əsas problemlərin biri onun aşağı səviyyədə inteqrasiyasıdır. İctimai nəqliyyatın cəlbediciliyini artırmaq üçün onun  bütün növləri vahid orqanizm kimi fəaliyyət göstərməlidir.  Bundan əlavə şəhər nəqliyyatının bütün sahələri, o cümlədən yol hərəkətinin təşkili və şəhər parkinqlərinin təşkili və nəzarəti bir mərkəzdən edilməlidir.  
İnteqrasiya olunmuş multimodal  nəqliyyat sistemi niyə görə vacibdir?
İnteqrasiya olunmuş nəqliyyat sistemi sərnişinlərə müxtəlif nəqliyyat növlərindən  istifadə etməyə asan imkanlar yaradır.  Belə sistemin effektiv işləməsi üçün Nəqliyyatın Mübadilə Mərkəzləri lazımdır  (Hablar – Multimodal Interchange Hubs).
İnteqrasiya olunmuş sistemdə vahid ödəniş və tarif sistemləri tətbiq olunduğuna görə ödəniş və nəzarət çətinlikləri aradan qaldırılır.  İctimai nəqliyyat növləri arasında koordinasiya baş verir və vaxt cədvəlləri harmonizasiya olunur. Bu amil nəqliyyat növlərinin dəyişmələrini asanlaşdırır.
Hal-hazırda Bakı şəhərində ictimai nəqliyyat növlərindən şəhərətrafı elektrik qatarı, metropoliten, şəhərdaxili və şəhərətrafı avtobus fəaliyyət göstərir.

Şəhərətrafı elektrik qatarı
Geniş məqalə
Bakıətrafı qəsəbələrdən Bakı şəhərinin mərkəzi hissəsinə gündəlik səyahət edən sərnişinlər bir çox marşrut avtobuslarını dəyişərək  çox zaman  sərf edərlər.
Hal-hazırda şəhərətrafi qatarının müntəzəm hərəkəti ancaq Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt  xətti üzrə mümkündür. Bundan əlavə  8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt dəmir yolu xətti bərpa olunur.
Bu sxemdə Abşeron yarımadasında olan dəmir yolu şəbəkəsidir.
Son illərdə yolların bir hissəsi sökülməsinə (Bilgəh, Mərdəkan, Şüvəlan hissəsi) baxmayaraq şəbəkənin böyük hissəsi hələ də mövcuddur.
Bu sahədə digər problem də var:
Hal-hazırda Azərbaycan Dəmir Yolları Abşeron yarımadasında effektiv şəhərətrafı sərnişindaşımanın inkişafına kommersiya baxımından maraqlı deyil,  çünki bu şirkətə ancaq maliyyə zərəri verir. ADY digər gəlirlər hesabına şəhərətrafı sərnişindaşımasının zərərlərini örtməyə məcburdur. Bu halın mövcudluğu marşrut üzrə optimal hərəkət cədvəllərinin tətbiqinə mane olur. Bunun baş verməməsi üçün ADY şəhərətrafı qatarların hərəkətini dövlətin/şəhərin/nəqliyyat agentliyinin sifarişi ilə etməlidir və buna görə, əməliyyat xərclərini qarşılayan və mənfəət marjasını əldə etməyə imkan yaradan müvafiq xidmət haqqı almalıdır.
Mövcud dəmir yollarını və stansiyaları yenidənqurmaqla onun yeridə kütləvi dəmir yolu sərnişindaşımasını təşkil etmək olar və bu bir növ yerüstü metro funksiyasını yerinə yetirə bilərdi.Belə sistemlər bir neçə böyük şəhərlərdə var, məsələn: Parisdə RER, Almaniya şəhərlərində S-Bahn, Moskvada MSK və sair. 

Metropoliten  
Bakı şəhəri kimi böyük şəhərin daha böyük metro şəbəkəsinə ehtiyacı vardır. Son illərdə metro tikintisinə xüsusi diqqət olsa da, yeni stansiyaların və xətlərin açılışı ləng gedir. Bundan əlavə, metronun iki mövcud xətlərinin  tam ayrılmasına dair işlərin gedişatı ictimaiyyətə bəlli deyil və çox güman ki, bu istiqamətdə heç bir iş getmir. Bakı metropolitenin inkişaf strategiyası və əməliyyatları Bakının ümumi nəqliyyat siyasəti ilə uzlaşdırılmalıdır. Bakı Metropolitenində xərclərə dairməqalə burada. 



Avtobus  
Bakı şəhərində avtobusla başlı bir sıra problemlər var. Qısaca olaraq görüləcək tədbirləri belə sadalamaq olar:
  1. Marşrut şəbəkəsi yeni yanaşma tətbiq edilərək optimallaşdırılmalıdır;
  2. Sərnişindaşıma şırkətləri ilə bağlanan müqavilə sistemi daha müasir və proqressiv «Xidmət müqaviləsi» sistemi ilə əvəzlənməlidir;
  3.  Xidmət səviyyəsinə və təhlükəsizliyə dair yeni standartlar tətbiq edilməlidir;
  4. Bütün gediş haqlarının ödənişləri vahid nağdsız ödəniş sistemi ilə həyata keçirilməlidir;
  5. Yeni yaradılacaq marşrutlara, yeni müqavilə və standartlar sistemi tətbiq olunaraq açıq tender vasitəsi ilə sərnişindaşıma şırkətləri cəlb edilməlidir;
  6. Sərnişindaşıma sektoruna xarici investisiyaların cəlb edilməsinə diqqət yetirilməlidir;
  7. Şəhərdə müasir avtobus infrastrukturu qurulmalıdır.
Geniş məqalə burada
Şəhərətrafı avtobus sərnişindaşıması ilə əlaqədar problemlərdən və həll yolları haqqında burada oxumaq olar. 

Park&Ride
Park&Ride sistemi nədir? Adətən bu şəhərin girəcəyində böyük avtodayanacaqdır və oradan avtobus, tramvay və ya qatarla şəhərin mərkəzi hissələrində getmək mümkündür. Park&Ride-larda parkinq haqqı çox ucuz, pulsuz və ya alınan avtobus/tramvay biletinin qiymətinə daxildir. Bu birinci növbədə ona görə edilir ki, avtomobillər şəhərin mərkəzini daxil olmasınlar və orada tıxac yaratmasınlar. Belə olduqda şəhərin mərkəzində parkinq haqqları baha olur (uzun müddət dayanmaq isə xüsusi ilə baha olur).
Bakı şəhərinin müəyyən yerlərində (məsələn nəqliyyat mübadilə mərkəzləri, dəmir yolu stansiyaları, metro stansiyaları) iri tutumlu parkinqlər təşkil olunmalıdır ki, sürücülər orada maşını park edib yollarını ictimai nəqliyyatla davam etsinlər.


İnteqrasıyalı idarəetmə
Şəhərin İctimai  nəqliyyat sisteminin səmərəli işləməsi üçün bu sahə kompleks olaraq bir mərkəzdən idarə və koordinasiya olunmalıdır. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin bütün nəqliyyat məsələləri ilə məşğul olmalıdır və ya tənzimləməlidir. Bakı şəhərində nə yol polisi (DYP), nə avtomobil yolları ilə məşğul olan təşkilat Azəravtoyol, nə də ki, təsərrüfat fəaliyyəti ilə məşğul olan Bakı şəhər İcra hakimiyyəti şəhər nəqliyyatının və hərəkətin təşkili və tənzimlənməsinə qarışmamalıdır

Ardı burada

No comments:

Post a Comment